İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər

Sinqapurda narkotik alveri ilə məşğul olan yüzlərlə insan dar ağacından asılıb

İnsan günahını təyin edəcək texnologiya: istəsə ölüm hökmü verər, istəsə azad edər


Texnologiyanın növbəti mərhələsində yəqin heç hakimə də ehtiyac duyulmayacaq. Mükəmməl bir proqram yaradılacaq, dünyanın bütün qanunları orada əksini tapacaq, süni intellekt isə bu və ya digər insanın günahını təyin edəcək.

BAKI, 27 may — Sputnik. Sinqapur məhkəməsi Zoom videozəng proqramı vasitəsilə ölüm hökmü qərarı verib. Bu, ölkədə ilk belə hal kimi qeydə alınıb. 37 yaşlı malayziyalı Punitan Genasan heroin alverində günahkar bilinərək dar ağacından asılmağa məhkum edilib. Məhkəmə qərarı video əlaqəsi ilə ötürülüb. Koronavirus səbəbindən tərəflərin təhlükəsizliyinin qorunması üçün belə vasitəyə əl atılıb.

Sinqapurda narkotik alveri ilə məşğul olan yüzlərlə insan dar ağacından asılıb

Sinqapurun qanunları narkotik alverində iştirak edənlərə qarşı olduqca sərt cəza tədbirləri nəzərdə tutur. Bu ölkədə narkotik alveri ilə məşğul olan yüzlərlə insan dar ağacından asılıb. Xarici vətəndaşlıq belə bu məsələdə rol oynamır, narkotikə bağlısansa, dar ağacından asılacaqsan. Bir sıra hüquq müdafiəçiləri Sinqapur iqtidarını qəddarlıqda ittiham edir.

Oxşar hadisə Nigeriyada da baş verib. Yerli məhkəmə Zoom videozəng proqramı vasitəsilə cinayətkara ölüm hökmü çıxarıb. Koronavirus pandemiyası bir çox ənənəvi sahələrə ciddi təsir edib. Hələ ötən il absurd görünə bilən məsələyə bu gün münasibət dəyişib. Hələ ötən il məsafədən ölüm hökmünün çıxarılması nə qədər mümkünsüz görünsə belə, günümüzdə bu, reallısa bilib.

Virtual məhkəmə hökmünün çıxarılması bəzi ölkələrdə tətbiq edilib. Məsələn, Rusiyanın Sverdlovsk vilayətinin Nevyansk şəhər məhkəməsi yerli kafelərdən biri barədə qərar çıxarıb. Məhkəmə iclası Whatsapp video zənginin köməyi ilə keçirilib, koronavirusla bağlı fəaliyyətin 45 günlük dayandırılmasına qərar verilib. Oxşar onlayn məhkəmələr Tatarıstanın Kazan şəhərində də keçirilib.

İnsanı ölümə məhkum etmək üçün heç məhkəməyə gətirmək belə vacib deyilmiş

Pandemiya hüquq-məhkəmə sistemi ilə bağlı bir sıra problemi də üzə çıxarıb.

 İnsanların sosial izolyasiya və karantin rejiminə riayət etməməsi hallarına dəfələrlə rast gəlinib. Cərimə də tətbiq edilib, qısamüddətli həbslər də olub. Əgər adi vəziyyətdə hər hansı cərimə qərarından apelyasiya edilməsi mümkün idisə, ekstremal vəziyyətdə bu norma yalnız kağız üzərində qalıb. Demək olar, dünyanın bir çox ölkəsində məhkəmələr ya işləməyib, ya da çox az hallarda fəaliyyət göstərib.

Əgər qanun qadağa edirsə, “adi vətəndaş hara getməli, kimə müraciət etməlidir” sualı da açıq qalıb. “Məsafə gözlə”, “evdə qal”, “Sms icazəsi olmadan  evdən çıxma” kimi şüarlar əhəmiyyət kəsb edib. Çox qarışıq bir dönəm yaşadıq. Virus geri çəkildikdən sonra hüquqşünaslar hələ uzun müddət yaranan kazusları araşdırmaqla məşğul olacaqlar.

Amma ölüm hökmünün video əlaqə ilə verilməsi olduqca maraqlı və qeyri-adi presidentə yol açıb. Deməli, insanı ölümə məhkum etmək üçün heç məhkəməyə gətirmək belə vacib deyilmiş. Günahı sübuta yetirilibsə, elə məsafədən də qərar çıxarmaq olarmış.

Texnologiyanın növbəti mərhələsində yəqin heç hakimə də ehtiyac duyulmayacaq

Bu məsələnin bir neçə əhəmiyyətli tərəfi var. Birincisi, ölüm hökmü dünyanın bir çox ölkəsində ya ləğv edilib, ya da tətbiq edilmir. Hüquq müdafiəçiləri ölümün hər yerdə ləğvinə can atırlar. Məhkəmə praktikasında heç bir günahı olmayan insanın qanunun əli ilə öldürülməsi halları dəfələrlə baş verib. İkincisi, “ölüm hökmünə  icazə verən qanun nə dərəcədə doğrudur” sualı da əhəmiyyət kəsb edir. Heroin alveri ilə məşğul olan birisinə ölüm hökmü çıxarılır, amma başqa növ leqal narkotik alverçisi cəmiyyətdə hörmət sahibidir. Dünya birliyi siqaret və alkoqol birmənalı leqal narkotik kimi qəbul edir, istehsalı, satışı və reklamı da sərbəstdir. Bəzi ölkələrdə qadağalar olsa da, hər halda alkoqol alverçilərinə ölüm hökmü hətta islam ölkələrində çıxarılmır.

Hər gün bir yeni vasitə kəşf edilir. Bu gün azad satılan preparatı sabah qadağa siyahısına salınır. Bu gün qadağa edilən vasitə sabah leqal satışda ola bilər.

Bu məsələdə ən ciddi sual doğuran məqam ölüm hökmünün  məhz məsafədən çıxarılmasındadır. Birbaşa kontakt olmadan qərar vermək də asandır axı. Bir də var insanla üz-üzə, göz-gözə təmasda olub doğru yolu tutmalısan. Texnologiyanın növbəti mərhələsində yəqin heç hakimə də ehtiyac duyulmayacaq. Mükəmməl bir proqram yaradılacaq, dünyanın bütün qanunları orada əksini tapacaq, süni intellekt isə bu və ya digər insanın günahını təyin edəcək. Öz taleyimizi süni intellektin, ağıllı maşının, robot-androidin əlinə verəcəyik.

Robot da dilsiz-ağızsız düşünən maşındır. Nə aldatmaq, nə dil tökməklə yumşaltmaq olar, nə rüşvət almaz, nə qohumbazlıq eləməz. Yaddaşına yüklənən qeyri-mükəmməl qanunlar toplusuna uyğun qərar verərək. İstəsə ölüm hökmü verər, istəsə də azad edər.



Read more: https://sputnik.az/columnists/20200527/424053575/insan-taleyi-ve-gelecek-texnologiyalar.html