Koronavirus bizə çətin qalib gələ, çünki bizim ona qarşı silahımız var
Küləyin qarşısını kəsməklə xəstəliyin sayını artırırıq
Bakı küləyi bir axınla gəlib bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir. Dünyanı ağuşuna alan koronavirus da Abşeronda məhz bu səbəbdən geniş yayıla bilməyəcək.
BAKI, 11 aprel — Sputnik. Abşerona xəzri gəldisə, ən azı 2-3 gün davam edəcək. Havada toplaşmış bütün çirki-pası, zəhəri qovub aparacaq. Xəzri olmasa, Bakıda normal həyat da olmaz. Bu küləyin hesabına bir çox insan müxtəlif xəstəlikdən yaxa qurtara bilib. Xəzri dənizdən gələn şimal küləyidir. O həm istiyə qarşı bir vasitədir, həm də özü ilə müalicəvi maddələr gətirir.
Bakı küləyi bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir
Abşeron küləyinin bir dərman olduğunu Bakı sakinləri çoxdan anlayıblar. İmkanı olan hər bir şəxs mütləq və mütləq dənizə yaxın Bakı kəndlərinin birində özünə bağ evi almağı düşünür. Hətta dəniz kənarında inşa edilən onlarla sanatoriya da müalicə məqsədilə insanlara xidmət edir.
Bakı küləyi bir axınla gəlib bütün qorxulu virus və xəstəlikləri bir növ məhv edir. Dünyanı ağuşuna alan koronavirus da Abşeronda məhz bu səbəbdən geniş yayıla bilməyəcək. Bakı kəndlərində yaşayan yaşlı insanların bir çoxu bu faktı təsdiqləyər, epidemiya və ya qripin hansısa formalarına bu zonada demək olar rast gəlinməyib. Məsələn, vaxtilə ölkədə ən çox problem doğuran malyariya xəstəliyi daha çox cənub zonasında yayılıb, Abşeron və Bakıda isə demək olar rast gəlinməyib.
Küləyin qarşısını kəsməklə xəstəliyin sayını artırırıq
Son illərdə meqapolisə çevrilən Bakıda qrip və digər infeksion xəstəliklərin yayılmasının bir səbəbi də göydələnlərin inşasına və dənizdən gələn hava axınının qarşısının alınmasına bağlıdır. Küləyin qarşısını kəsməklə xəstəliyin sayını artırırıq. Sovet dövründə astma xəstəliyindən əziyyət çəkən insanlara dənizkənarı şəhərlərdə yaşamağı məsləhət bilərdilər. Göy öskürək kimi yorucu xəstəliyin bircə müalicəsi vardı: dəniz havası. İndi Bakıda həm astmaya, həm də göy öskürəyə rast gəlirik. Çünki dənizin özü də, havası da bizdən uzaq düşüb. Bircə şənbə-bazar çıxıb gedirik Abşeron bağlarına, bəlkə o müalicəvi havadan, xəzridən bizə də bir az pay düşə.
Xəzri adətən saniyədə 10 metr sürəti ilə əsir, 40 metrə də çata bilər. Özü ilə dənizdən rütubət gətirir, ağacları və bitkiləri qidalandırır. Xəzri ildə 100 dəfəyəcən təkrarlana bilər. Dəniz havasının tərkibindən danışası olsaq, Xəzərin havası ionlar və oksigenlə zəngindir. Səhər saat 5-6 arası dəniz kənarında yodlu-bromlu havadan udsaq, elə bir illik immunitet qazanmağa bəs edəcək.
Bu kəndin sakinlərində bu tip xəstəliyə demək olar rast gəlinmir
Abşeron iqliminin müalicəvi xüsusiyyətləri səbəbindən Bilgəh qəsəbəsində “Bilgəh” kardioloji sanatoriyası yaradılıb. Bilgəh havası ürək-damar xəstəliklərinin müalicəsində əsas komponentlərdən biri sayılır. Adətən bu kəndin sakinlərində bu tip xəstəliyə demək olar rast gəlinmir. İlıq dəniz suyu, yod-brom tərkibi də əhəmiyyət daşıyır.
Karantinlə bağlı şəhərin küçələri və yolları boşalıb, hava təmizlənib. Bircə başını pəncərədən çıxarıb baxmaq kifayət edər. Ağciyərləri bu hava ilə qidalandırmaq istənilən virusa qarşı mübarizədə elə qələbənin yarısı deməkdir. Bakı əhlinin bir hissəsi imkan yarandığından ailəvi olaraq Bakı bağlarına indidən köçüblər. Belə imkan demək olar heç vaxt mümkün olmazdı, amma karantin şəraitində qapalı bina evində qalmaqdansa, elə gəzməyə xeyli yeri olan bağ evində təmiz dəniz havasından yararlanmaq məsləhətdir.
Gilavarı da var, gicavarı da...
Abşeronun gilavarı da var. Yəni yarımadadan dənizə tərəf yönələn isti cənub küləyi. Gilavarı elə də sevməzlər Bakıda, amma bir növ soyuq dövrdə havanı mülayimləşdirir. Bir növ hər məsələni nizama salır. Xəzrinin gətirdiyi artıq rütubətin də miqdarını tənzimləyir. Yayda dözülməz olsa da, hər halda bir küləkdir.
Üçüncü növ küləyə xalq arasında gicavar deyirlər. Yəni haradan əsdiyi bilinməz. Bir az oradan əsər, bir az buradan. Bilməzsən haradan gəlib haraya gedər. Həyat-bacada hər şeyi qarışdırar. Amma necə deyərlər, küləksiz bir günümüz belə olmasın. Külək olmasa, xəstəlik bizə güc gələr.
Artıq yeməkdən şəkər, lazımsız stressdən ürək-damar xəstəsi olmaq, neftin radiasiyasından isə onkoloji problemlə üzləşmək olar. Amma koronavirus bizə çətin qalib gələ, çünki Abşeron havası bizim ən mühüm silahımızdır. Ağciyərimiz tər-təmiz, əhvalımız isə həmişə yüksəkdir.
Karantinin də sonuna lap az qalıb.
İsmayıl Rafiqoğlu
Read more: https://sputnik.az/columnists/20200411/423615004/koronavirus-bize-qalib-gele-bilmez.html