Maddi imkan, mənasız təklif və “Evdə qal”: Kütləvi testə ehtiyac varmı?

Son günlər müzakirə olunan əsas mövzulardan biri də koronavirusa

Maddi imkan, mənasız təklif və “Evdə qal”: Kütləvi testə ehtiyac varmı?


TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva əhalinin COVID-19 pandemiyasına görə test olunması məsələsinin müzakirə olunmadığını və onlarda bu barədə məlumat olmadığını söylədi

Zülfiyyə Quluyeva, Sputnik Azərbaycan

BAKI, 12 aprel – Sputnik. Son günlər müzakirə olunan əsas mövzulardan biri də koronavirusa (COVID19) görə əhalinin kütləvi test olunmasıdır. "Evdə qal" tələbi ilə əlaqədar ölkə əhalisinin hər birinin öz yaşadığı evində COVID-19-a görə test olunması təklif edilir. Sputnik Azərbaycan əhalinin karantin dövründə COVID-19-a görə test olunmasının nə dərəcədə zəruri olduğunu araşdırıb.

Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, əhalinin evdə test olunması ilə bağlı səslənən fikirlər doğru tələb deyil. Baş epidemioloq sağlam insanların test olunmasının mənasız olduğunu bildirir: "Sağlam insanları niyə testdən keçirək ki? Bu çox anormal təklifdir. Bunu iqtisadi imkana bağlamaq düzgün deyil. Azərbaycana zərurət olduğu qədər test alıb gətirilir. Amma bu o demək deyil ki, hamının bir ucdan COVID-19-a görə test etmək lazımdır. Hətta maddi durumu yüksək olan Amerika da öz əhalisini COVID-19-a görə ucdantutma test etmir. Çünki buna zərurət yoxdur. İnsan sağlamdırsa, bu testi etməyin heç bir mənası yoxdur. İnsanlar sadəcə "Evdə qal" tələbinə əməl etməlidirlər. Yoluxmanın qarşısını ancaq bu yolla almaq lazımdır. Çox təəssüf ki, insanlar baş verəcək təhlükənin miqyasını nəzərə almırlar. Çox laqeyd yanaşırlar bu məsələyə. Mən bir epidemioloq kimi evdə qalıb qaydalara əməl edən insanların test olunmasına lüzum görmürəm. Bu virusun simptomları var. Hərarət, halsızlıq, öskürək, ishal. Əgər bu əsas əlamətlərdən biri və bir neçəsi kimdəsə varsa, həmin şəxs dərhal həkimə müraciət edir və belə insanlar COVID-19-a görə test edilirlər".

TƏBİB-in mətbuat katibi Rəvanə Əliyeva isə hələ ki əhalinin COVID-19 pandemiyasına görə test olunması məsələsinin müzakirə olunmadığını və onlarda bu barədə məlumat olmadığını söylədi.

Nazirlər Kabineti yanında Operativ Qərərgahdan isə bildirdilər ki, yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 35 minə yaxın test aparılıb.

Qeyd edək ki, son məlumatlara görə, ümumilikdə ölkəmizdə koronavirus infeksiyasına yoluxmuş 1058 şəxsdən 200 nəfəri müalicə olunaraq sağalıb, 11 nəfər vəfat edib.



Read more: https://sputnik.az/health/20200412/423614888/covid-virusuna-qore-ehali-kutlevi-test-olunsun.html