Mao, Lenin və Stalinin gülüşü, "uçan xalça" və bahalaşmadan qazanc

"Dəmir yumruq" yerindədir

Mao, Lenin və Stalinin gülüşü, "uçan xalça" və bahalaşmadan qazanc


Və daha bir sual: Demokratiya həmişə ədaləti təmin edirmi? Məsələn, seçicilərin 51 faizinin seçimi mütləq seçimə çevrilir. Bəs yerdə qalan 49 faiz?

"Dəmir yumruq" yerindədir

Ermənistan XİN rəhbəri Ara Ayvazyanın avazının ötən həftə Qarabağ bölgəsindən gəlməsi İrəvanın geridönüş arzusundan xəbər verir. Görünür, hansısa qüvvələrin separatizmə verdiyi dəstək düşmənin əzilmiş başında yeni havalar yaradır. Ötən həftə Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə "dəmir yumruğu" xatırlatdı və belə addımların Ermənistan üçün yaxşı nəticə verməyəcəyini diqqətə çatdırdı.

Ermənistanda havalanmamış adamlar qalıbsa, onlar bu ölkənin düşdüyü çuxurdan çıxması üçün yeganə yolun qonşuları ilə əməkdaşlığa can atmasından ibarət olduğunu anlamalıdırlar. Erməni ordusu yox kimidir, onun üzərində qurulan arzuları Azərbaycan PUA-ları havaya uçurdu. Artıq gələcəyə başqa cür baxmaq vaxtıdır.

ABŞ dərsləri

Həftə ərzində bütün dünyanın diqqəti ABŞ-a yönəldi. Okeanın o biri üzündə baş verənlər 90-cı illərin postsovet ölkələrini xatırladır. Tramp tərəfdarları ölkəni bir-birinə qatdı, ara qarışdı, məzhəb itdi, xaosun ABŞ-ı haraya apardığı məlum deyil.

2015-ci ildə, ardınca isə 2020-ci il seçkilərinin nəticələrinə kənar müdaxilələr haqqında iddiaların səslənməsi, faktların ortaya qoyulması və bu gün ölkədə baş verənlər deməyə əsas verir ki, ABŞ-ın dünyaya "demokratiya dərsi" dövrü keçmişdə qaldı, indi amerikanlar dərman tapıb öz başlarına yaxmalıdırlar. Heç kim köhnə "ağsaqqalı" ciddi qəbul etməyəcək, itirilmiş nüfuzu bərpa etməyə onilliklər lazım gələcək, bəlkə də bu, heç vaxt baş verməyəcək.

"Dünya ABŞ-a gülür, Mao, Lenin və Stalin isə gülümsəyir. Texnologiya nəhəngləri prezidenti senzuraya məruz qoya bilər?" - bunu ABŞ prezidenti D.Trampın oğlu deyib.

ABŞ-ın tənəzzülü dünyaya nə verə bilər? İki şey. Birincisi, supergüclərə ədalət dərsi: xalqın maraqlarına zidd olan istənilən gücün aqibətinin belə olacağını xatırladır. İkincisi, təkqütblü dünya: bu isə heç də xoş perspektiv vəd etmir.

Və daha bir sual: Demokratiya həmişə ədaləti təmin edirmi? Məsələn, seçicilərin 51 faizinin seçimi mütləq seçimə çevrilir. Bəs yerdə qalan 49 faiz? Onların seçiminə necə hörmət olundu: bu seçim nəzərə alınmadan ədalət təmin olundumu?

Bahalaşma olacaqmı?

Adətən benzinin qiymətinin qalxması bütün məhsullarda qiymət artımı ilə müşahidə olunur. Bu, bəzən təbii əsaslı olmaqla yanaşı, süni şəkildə də baş verir.

Ötən həftə benzinin qiymətinin artması əsas müzakirə mövzularından birinə çevrildi. Bu dəyişikliyin bazarda özünü necə göstərəcəyini, yəqin ki, çox yaxın günlərdə hiss edəcəyik. Dövlətin süni qiymət artımına qarşı olacağına inam böyükdür: əlbəttə, ağır pandemiya ilini geridə qoymuşuq, sosial qayğılar artıb, hökumət vəziyyətə adekvat olaraq sosialyönümlü siyasətinə sadiqliyini qoruyur.

Qeyd edək ki, dizel yanacağının qiymət artımının sərnişindaşıma ilə məşğul olan sahibkarlıq subyektlərinə təsirinin neytrallaşdırılması üçün onlara kompensasiya ödəniləcək. Kompensasiyanın verilməsi mexanizmi yanvar ayının sonunadək açıqlanacaq. Yanvarın sonunadək səbr etməyən Bakı-Sumqayıt avtobusları artıq qiymətləri 60 qəpikdən 80 qəpiyədək bahalaşdırıb. 1 litr benzinin qiymətindəki 10 qəpiklik artımın acığını sahibkarlar hər sərnişindən 20 qəpik artıq almaqla çıxırlar. Əla iqtisadi həlldir.

Ancaq nikbinliyi də itirməyək: Ənənəvi enerji daşıyıcılarının qiymətinin artması yeni texnologiyaların inkişafını və istifadəsini təşviq edir. Məsələn, bu dəyişiklik elektriklə işləyən avtomobillərə keçidi sürətləndirə bilər.

Kadr islahatları davam edir

Həftə kadr dəyişiklikləri də yadda qaldı. Mədəniyyət nazirinin müavini Anar Kərimov nazir vəzifəsinə təyin olundu. Görünür, onun fəaliyyəti bu vaxtadək qənaətbəxş olub.

Xalçaçılıq sənətimizi inkişaf etdirməli olan "Azərxalça" ASC-nin rəhbərliyi isə sən demə, bu vaxta qədər dövlətin vəsaiti hesabına öz biznesinin intibahı üçün çalışırmış. Qurumun İdarə Heyətinin sədri Vidadi Muradov bu həftə təkcə vəzifəsindən azad edilmədi, indi törətdiyi əməllərə görə də cavab verməli olacaq. V.Muradovun mənimsədiyi milyonların izahını ancaq "uçan xalça hazırlamışıq" kimi verə bilər, amma gəl ki, heç ortada belə bir xalça da yoxdur. Deməli, qurum rəhbərini müttəhimlər kürsüsündən ancaq sehirli xalat xilas edə bilər.

Füzuliyə eniş, Qarabağa qayıdış

Ermənilərin Xirosimaya döndərdiyi Qarabağa həyat qayıdır. Artıq mədəniyyət paytaxtımız Şuşa yenidən qurulmağa başlanılıb, beynəlxalq ekspertlərin qiymətləndirməsindən sonra viran qoyulmuş digər rayonlarımızda da yenidənqurma start götürəcək. 2021-ci ildə Füzulidə beynəlxalq aeroport tikiləcəyi anonsu artıq verilib. Füzuli Qarabağın təxminən mərkəzində yerləşir. Aeroportun məhz bu rayonda tikilməsi bu baxımdan təsadüfi deyil.

30 ildir Qarabağın adı münaqişə zonası kimi bütün dünyada tanınır. Bu faktor özü də regionun turizm potensalını artırır.

Bəs məcburi köçkünlər öz dədə-baba yurdlarına qayıdacaq, ya yox? Həftənin əsas suallarından biri də bu idi. Mina təhlükəsini gözə alıb, kəndinə-kəsəyinə can atan, oradan yeni videogörüntüləri həyəcanla gözləyən qarabağlıların böyük hissəsinin böyük qayıdış gününü səbirsizliklə gözlədiyi şübhə doğurmur.

Peyvəndləmə başlayır

ABŞ, Avropa Birliyi ölkələri, İngiltərə, Rusiya, Türkiyə və bir sıra digər ölkələrdə artıq vaksinasiya başlayıb. Məsələn, Almaniyada yarım milyondan çox insan koronavirusa qarşı peyvənd olunub. Peyvəndləmənin çipləmə olmadığını göstərmək üçün tez-tez məşhurların qolunda iynəli fotolarını bizə nümayiş etdirirlər. Roma Papası Fransisk də bu həftə peyvənd olunacaq.

Bu ay ölkəmizə də peyvəndlərin gətiriləcəyi gözlənilir.

Hələliksə təhlükə davam edir. Peyvəndin tətbiqinə qədər kütləvi yoluxmanın qarşısını yalnız məlum 3 qızıl qaydaya əməl etməklə ala bilərik. Yoluxduqdan sonra da qaydalar var: sağalmaq üçün immuniteti yüksəltmək və əlbəttə, başqalarını yoluxdurmamaq üçün evdə oturmaq.

Özünə istinad uğurlu sayılmasa da, bu həftə koronavirusla mübarizəsini davam etdirən yazı müəllifinin təcrübədən doğan rəyi var: Xəstəliyin fiziki ağrılardan çox, psixoloji ağırlığı var. Psixoloji təzyiqi ətrafımızdakı informasiya fonu yaradır. Bu fonun neqativ yükünü dəf etdikdə "Pozitiv"dən "Neqativ"ə qayıtmaq asanlaşır. Təbii, bu, sıçrayışla yox, tədriclə baş verəcək, əsas buna inanmaqdır.

Bu arada "GALLUP İnternational" təşkilatının 41 ölkədə 39 min insanı əhatə edən sorğusunun nəticələri maraqlıdır. Sorğunun nəticələrinə əsasən, planet sakinlərinin yalnız 25 faizi 2021-ci ildə iqtisadi inkişaf, 46 faizi problemlər və çətinliklər gözləyir. Qurum iqtisadi ümid indeksində Azərbaycanın mövqeyini 65 balla, ilk üçlükdə qiymətləndirib.

"Whatsap"ın tənəzzülü

Bir müddət öncə Facebook-un şəxsi məlumatları ayrı-ayyrı şirkətlərlə bölüşməsi barədə məlumatlar bu şirkətin nüfuzuna xələl gətirmiş, istifadəçilərini və səhmlərini azaltmışdı. Bu həftə oxşar tendensiya şirkətin başqa bir məhsulu ilə bağlı yaşanır - "WhatsApp" mesencerinin istifadəçi müqaviləsinə əlavə olunmuş yeni bəndinə görə, istifadəçi öz şəxsi məlumatlarını "Facebook" şirkətinə təqdim etməlidir. Bu dəyişiklik həftənin ən çox müzakirə olunan mövzuları sırasına çıxdı, bir çoxları ondan imtina barədə qərar qəbul etdi. Ola bilsin, texnologiyalar sahəsində yeni dövr başlayır, "Whatsap"ın liderliyini itirməsi ilə başlanan yol onun mütləq tənəzzülü ilə də bitə bilər.



Read more: https://sputnik.az/columnists/20210111/425924662/Mao-Lenin-v-Stalinin-gulushu-ucan-xalca-ve-bahalasmadan-qazanc.html