Ölkəmizi təbliğ edən polyak qız: Azərbaycanı haqlı olaraq "odlar diyarı" adlandırırlar

Azərbaycan dilində necə, bilirsizmi?

Ölkəmizi təbliğ edən polyak qız: Azərbaycanı haqlı olaraq "odlar diyarı" adlandırırlar


AZƏRBAYCAN

"Növbəti yazılarım isə "Kitabi Dədə Qorqud" və Şəki haqqında olacaq. Məqsədim, hələ polyak turistlər üçün populyar bir yer olmadığı üçün, Polşa xalqını Azərbaycana cəlb etməkdir" - Mariya Bita Jaqodzinska.

Nigar İsgəndərova, Sputnik Azərbaycan

BAKI, 7 fevral — Sputnik. Azərbaycan adına hər birimiz tərəfindən atılması vacib olan addımlar var. Həm ölkəmizin, həm tariximizin, həm də mədəniyyətimizin tərənnümü üçün hər birimiz fərd olaraq nələrsə etməliyik. Bu gün xaricdə yaşayan həmvətəblərimizin adını daha yüksək zirvələrdə eşitmək bizi sevindirir. Amma ölkəmizin, mədəniyyət və tariximizin tərənnümü üçün bu gün müxtəlif ölkələrdə yaşayan əcnəbilər də öz töhfələrini verirlər.

Sputnik Azərbaycan-ın budəfəki həmsöhbəti isə gənc polyak qız Mariya Bita Jaqodzińskadır. Onunla Azərbaycanla bağlı təəssüratları və ölkəmizə həsr etdiyi bloq haqda danışdıq.

- Öncə özünüz. təhsiliniz haqda məlumat verərdiniz.

- 23 yaşım var, vətənim Polşada, Varşavada təhsil almışam. 2020-ci ildə Varşavada təhsil aldığım universitetin "Beynəlxalq Münasibətlər" fakültəsini bitirdim. Diplom işim Dağlıq Qarabağ konflikti haqda idi. İkinci bir təhsilim də var. Hazırda mən hüquq üzrə ikinci kurs tələbəsiyəm.

- Azərbaycana ilk gəlişiniz nə ilə əlaqədar olub?

- Yarışda qazandığım mükafatla əlaqədar olaraq Azərbaycana gəlmişdim. Bu yarış "Mən Azərbaycan haqda nə bilirəm" adlanırdı. Mənim essem də həmçinin Dağlıq Qarabağ konflikti haqda idi. Beləcə ilk dəfə olaraq Azərbaycana gəldim. Səfərlə bağlı təəssüratlarıma gəldikdə isə, hər şey çox gözəl və yüksək səviyyədə idi. Azərbaycanın nəfəskəsici, füsunkar təbiəti, qədim və müasir arxitekturası ilə tanış oldum, bu gözəlliyə valeh oldum. Buranın iqlimi kimi, insanları da çox mülayim, mehriban və çox qayğıkeşdilər. Azərbaycanlı mühazirəçi mənə Azərbaycanın qədim mədəniyyəti haqda da geniş məlumat verir. Düzünü desəm, bu günədək onun qədər pozitiv və gözəl bir insan görməmişəm.

- Bəs ölkəmiz haqda ilk məlumatı haradan almısınız?

- Düzü Azərbaycan haqda ilk məlumatı Qafqazla bağlı araşdırma edərkən əldə etdim. Beləcə, ilk olaraq Gürcüstanla maraqlandım. Sonrakı mərhələdə isə artıq Azərbaycanla bağlı məlumatlar toplayıb, araşdırmağa, ölkənizi öyrənməyə başladım. Bir də gördüm ki, artıq Azərbaycan mədəniyyətinin içindəyəm. Artıq "Beynəlxalq Münasibətlər" fakültəsinin ikinci kursunda oxuyanda özüm üçün bir mühazirə seçdim. Bu mühazirə "Azərbaycan dili və mədəniyyəti" adlanırdı. Düşünürəm ki, bu mövzu akademik fəaliyyətim üçün ən gözəl mövzudur. Sonrakı fəaliyyətimdə isə mən Azərbaycan tarixini araşdırmağa çalışdım. Azərbaycanın müasir tarixi də məni çox təsirləndirdi. Azərbaycanı haqlı olaraq "odlar diyarı" adlandırırlar. Burada sanki hər şey dinamikdir, hər şey bir fərqli ruhdadır, hansı ki, mən bunu öncələr hansısa ölkədə olarkən müşahidə etməmişəm. Buradakı müasir binalar mənə daha fərqli təsir bağışlayır. Azərbaycan inanılmaz müxtəlifliklərin və tolerantlığın bariz nümunəsidir. Mən katolikəm, amma Azərbaycanda mənim katolik olmağım kimsə üçün problem deyildi. Burada olarkən Bakının və neft sənayesinin inkişafında yardım göstərən əcdadlarımla fəxr etdim bir daha.

© PHOTO : COURTESY OF MARİA BEATA JAGODZİŃSKA
Mariya Bita Yaqodzinska

- Valideynlərinizin Azərbaycanla bağlı təəsüratları necədir?

- Valideynlərim hər zaman dünyada baş verən hadisələrlə yaxından maraqlanıblar. Valideynlərim çox dünyagörüşlüdür, onlar mənim Azərbaycanla bağlı təəssüratlarıma, düşüncələrimə hörmətlə yanaşır, mənə dəstək olurlar. Azərbaycan sevgimi ən gözəl anlaya bilən şəxs anamdır. Hərdən onunla zarafatlar edirəm, deyirəm ki, bir gün Azərbaycana gedəcəyəm və səni də özümlə aparıb orada birgə yaşayacağıq.

- Necə oldu ki, belə bir bloq yaratmağı qərara aldınız?

- Artıq Azərbaycan haqqında kifayət qədər məlumatım var idi, tarixi və mədəniyyəti haqda bilirdim. Bu səbəbdən də düşündüm ki, bu haqda bir bloq yaradım. Artıq bir neçə həftədir ki, bu bloqu yaratmışam. Buradakı yazılar sırasında Azərbaycanda olduğum müddətdəki müşahidələrim, təəssüratlarım, topladığım materiallar da yer alıb. Bu bloq vasitəsilə Azərbaycan və onun mədəni nümunələri haqda müxtəlif məlumatlar paylaşıram. Mən bloqumda oxucularımı çaşdırmamaq üçün Vikipediya məlumatlaırna deyil, daha tutarlı mənbələrə, araşdırmalara istinad edirəm. Elektron kitabxanalardan da yararlanıram. Bloqumda Azərbaycanın çay mədəniyyəti haqda da maraqlı bir yazı yer alıb. Növbəti yazılarım isə "Kitabi Dədə Qorqud" və Şəki haqqında olacaq. Məqsədim, hələ polyak turistlər üçün populyar bir yer olmadığı üçün, Polşa xalqını Azərbaycana cəlb etməkdir.

Mariya Bita Yaqodzinska

- Azərbaycan dilində necə, bilirsizmi?

- Düzünü desəm, yox. Yalnız bir neçə kəlmə bilirəm, "armudu" və "çox sağ ol", kimi.

- Bizim öncə də sizin kimi bir neçə müsahibimiz olub və siz də onlar kimi sosial şəbəkə hesabınızdan Azərbaycaana hər zaman dəstəyinizi nümayiş etdirmisiz. İstəyərdim bu haqda danışasınız.

- Ümumiyyətlə, beynəlxalq hüquqa zidd addım atıldıqda, yaxud da heç nə olmamış kimi bir təəssürat yaradılmağa çalışıldıqda mən neytral mövqedə ola bilmirəm. Öz sosial media hesabımdan petisiyalar paylaşır və elə buradan da hər kəsi Azərbaycanla bağlı həqiqətləri yaymağa, dəstək olmağa səsləyirəm.



Read more: https://sputnik.az/azerbaijan/20210207/425873473/Azerbaycana-bloq-hsr-edrk-Kitabi-Dede-Qorqudu-aradran-polyak-qz.html