Təcriddən tezliklə çıxmaq üçün plan: Artıq sağlam olub-olmadığını pasportun deyəcək
Bəs vətəndaşın sağlam olduğunu təsdiqləyən bu sənədlər tətbiq olunacaqmı?
Koronavirus pandemiyası nəticəsində dünya ölkələrində "sağlamlıq pasportu", "immunitet pasportu" və "bioloji pasport" kimi platformaların tətbiqi ilə bağlı yeni təkliflər səslənir. Bəs vətəndaşın sağlam olduğunu təsdiqləyən bu sənədlər tətbiq olunacaqmı?
BAKI, 15 aprel — Sputnik. Böyük Britaniyanın kibertəhlükəsizlik şirkəti "VST Enterprises Ltd" (VSTE) "sağlamlıq pasportu" platformasının yaradıldığını açıqlayıb. Sputnik Azərbaycan "SportsPro" saytına istinadən xəbər verir ki, "sağlamlıq pasportu" Britaniyada koronavirus pandemiyasının bitməsindən sonrakı aylarda azarkeşlərin əsas idman tədbirlərinə qatılmasına kömək etmək üçün nəzərdə tutulub.
"VSTE" tərəfdaşı olan "Redstrike" marketinq agentliyi və Böyük Britaniya hökuməti ilə birlikdə bu texnologiyanın tətbiqi üzərində işləyəcəyini bildirib. Şirkətdə deyiblər ki, "sağlamlıq pasportu" ümumi ictimaiyyətin "mümkün qədər tez bir vaxtda" təcrid vəziyyətindən çıxmasına yönəlib.
Qeyd edilir ki, COVID-19 xəstəliyinin yayılması səbəbindən tətbiq edilmiş izolyasiya tədbirləri Britaniyada əsas idman obyektlərinin böyük itkilərlə üzləşməsinə gətirib çıxara bilər. Nəşrin bildirdiyinə görə, İngiltərə futbolunun əsas turniri olan Premyer Liqa mövsümün başa çatmaması halında 1 milyard funt-sterlinq (təxminən 2,1 milyard manat) məbləğində itki ilə üzləşəcək. Buna görə də yeni platforma kütləvi toplanmaya məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bütün əsas idman tədbirlərində azarkeş təhlükəsizliyini təmin etmək üçün istifadə edilə bilər.
Şirkət "V-Covid" adlı rəqəmsal sağlamlıq pasportunun rəsmi olaraq akkreditə edilmiş təchizatçısı kimi tanınmaq niyyətindədir.
Bu platforma həmçinin hökumət tərəfindən təsdiqlənmiş COVID-19 test dəsti ilə birlikdə istifadə edilə bilər. Bununla da sağlamlıq pasportu sahibinin koronavirus testinin mənfi və ya müsbət nəticə verdiyini və ya onun bədənində antitellərin olub-olmadığını təsdiqləyəcək. Gələcək yeniləmələrdə isə hətta pasport sahibinin peyvənd olunduğunu da təsdiq etmək mümkün olacaq.
Test başa çatdıqdan sonra nəticələr haqqında məlumat azarkeşin rəqəmsal pasportuna yüklənəcək. Azarkeşin peyvəndlənməsindən sonra pasport onda virusun olmadığına və onun immunitetinin olunduğuna dair daimi sübut kimi çıxış edəcək.
Azarkeşin test nəticəsi mənfi olduğu halda ona rəqəmsal sağlamlıq pasportunu təsdiq etməklə idman tədbirinə bilet almaq üçün icazə veriləcək. Bundan sonra ona "VCode" adlı unikal kod veriləcək ki, onun sayəsində azarkeş idman obyektinə daxil ola biləcək.
Lakin tədbirlərə qatılanlara yenə də iki metrlik sosial məsafə qaydalarına riayət etmək təlimatı veriləcək.
"Premyer Liqada və reqbi liqasında oynayan futbol və reqbi klubları "V-Covid" rəqəmsal sağlamlıq pasport tətbiqini və ya sağlamlıq pasportu məqsədləri üçün "VCode" texnologiyasından istifadə edən başqa bir tətbiqi mövcud baza kanalları və sosial şəbəkələr vasitəsilə bütün azarkeşlərinə verə bilərlər", - "VSTE" şirkətinin İcraçı Direktoru Luis-Ceyms Deyvis bildirib.
O, tətbiqin pulsuz olacağını da deyib.
"Bu, öz növbəsində, təhlükəsizliyə diqqət yetirməklə tədricən və mərhələli şəkildə azarkeşləri əsas matçlarda və tədbirlərdə iştiraka qaytaracaq", - o qeyd edib.
"Redstrike" şirkətinin İdarəedici Direktoru Mayk Farnan isə əlavə edib ki, "V-Covid" rəqəmsal sağlamlıq pasportu azarkeşlər və onların futbol klubları və ya idman tədbirləri arasında əhəmiyyətli bir pasport və qarşılıqlı əlaqə vasitəsinə çevriləcək.
"Bu, həmçinin azarkeşlərin idman tədbirlərinə təhlükəsiz və nəzarət altında qayıtmasını təmin edəcək. Biz burada sehrli bir həll yolu iddia etmirik və ya bütün stadionları dolduracağımızı gözləmirik. Bu, idman tədbirlərinə azarkeşlərin tədricən və mərhələli şəkildə geri dönüşünü təmin edəcək. Həqiqətən də Britaniyanın idman təqvimini və əsas tədbirləri diriltmək üçün müəyyən bir plana ehtiyacımız var. Britaniya idmanı hər il Böyük Britaniya iqtisadiyyatına 24 milyard funt-sterlinq (təxminən 51 milyard manat) verir", - Farnan deyib.
Bir qədər öncə xəbər verdiyimiz kimi, Almaniya nəhəngi "Deutsche Bank" koronavirus pandemiyası nəticəsində dünya ölkələrində bioloji pasportların tətbiq olunacağını proqnozlaşdırıb. "Deutsche Bank" tərəfindən aparılmış tədqiqatda deyilir ki, bu cür pasportlar vətəndaşların sağlamlığına dair bir dəlil olmaqla ölkələrin təhlükəsizliyinə zəmanət verəcək.
"Əgər bu texnologiya kifayət qədər tez bir müddətdə əldə olunsa, bu cür "immunitet pasportları" turizm və səyahətə kömək edə biləcək. Əks halda, səyahətə qoyulan qadağa əvəzinə, ölkəyə gəlmə zamanı məcburi özünütəcrid tədbirləri tətbiq edilə bilər", - tədqiqatın müəllifləri hesab edirlər.
Read more: https://sputnik.az/world/20200415/423665529/britaniya-sirketi-saglamliq-pasportu-yaradir.html